Prezidentin Azərbaycan gəncliyi üçün yol xəritəsi - ŞƏRH
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.
Prezidentin andiçmə mərasimindəki çıxışı Azərbaycan dövlətinin xarici siyasətindən tutmuş ölkədaxili məsələlərə qədər geniş spektri əhatə etdi.
Eyni zamanda cənab Prezident Azərbaycan gəncliyi, cəmiyyətin tərəqqisi üçün önəmli fikirləri vurğuladı.
Dövlət başçısının inkişafı göstərən əlamətlərdən biri kimi Azərbaycan gəncliyinin vətənpərvər ruhunu təqdir etməsi olduqca vacibdir.
İlham Əliyev deyib: “Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik”.
Prezidentin Azərbaycanın Ermənistan üzərində Qələbəsi fonunda ölkə gəncliyi ilə bağlı bu xatırlatması heç də təsadüfi deyil. Ona görə ki, Azərbaycan gəncliyi müharibədən sonra da eyni vətənpərvər ruhu göstərir, dövlətin, xalqın yanında olduğunu bəyan edir.
Düzdür, bəzi gənclər kənar qüvvələrin toruna düşürlər. Onlar üçün milli anlayışları, dövlətçilik anlayışını qəbul etmək çətindir. Çünki asılı olduqları dairələrdən Azərbaycana qarşı təlimatlar və tapşırıqlar alırlar. Lakin Azərbaycan gəncliyinin əksər hissəsi vətənpərvər ruhdadır.
Ancaq görüləcək işlər də var. Məsələn, yetişən yeni gənc nəsli yad təsirlərdən qorumaq şərtdir.
Buna görədir ki, İlham Əliyev andiçmə mərasimində deyib:
“İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.
Bəli, dövlət başçısının bu çıxışı gənc nəslin beynində həkk olunmalıdır. Aidiyyəti qurumlar isə gənc düzgün tərbiyəsi üçün səfərbər olmalıdırlar.
Prezidentin çıxışında başqa bir məqam ailə tərbiyəsi, təhsil və gənclik mövzusundakı mövqeyidir.
İlham Əliyev bildirib: “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.
Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq.
Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq.
Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz. Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”.
Göründüyü kimi, ölkə başçısı həm cəmiyyətə, həm dövlət qurumlarına yol xəritəsi təqdim edir. Bu yol xəritəsi müharibədən sonrakı reallıqlarda gələcək tərəqqiyə, inkişafa və çiçəklənməyə xidmət edir. Ona görə də, hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir.
Aqil Vəlili