FƏRQLİ QADIN

22 4-11-2024, 16:15 Gündəm / Sosial

FƏRQLİ QADIN

Açılan sabahların yolu, qaranlıq gecələrdən keçir...

Sən fərqli qadınsan, hamıdan fərqli,
Səni anlamaq da, asan iş deyil,
Gah xoşbəxt olursan, gah da ki, dərdli,
Bu sənin ruhundur, bu vərdiş deyil.

Çətindən çətinsən, qəlizdən qəliz,
Bir üzün güləndə, biri ağlayır,
Kiminə dəlisən, kiminə dəsrdiz,
Dərin baxışların, ürək dağlayır.

Bu şeir sənin üçün yazılıb, lap sənin boyuna biçilib. Taleyinin, xasiyyətinin güzgüsüdür bu şeir. Kimliyinin güzgüsüdür bu şeir. Hər bir yaradıcı nümunənin ünvanı olur, ünvansız heç nə bir məna kəsb eləməz, mənasız görünər. Bu şeirin ünvanı sənsən; dərdli, dərdsiz, qayğılı, qayğısız, qəlbi qırıq, xoşbəxt, içində fırtınalar oynayan fərqli qadın. İçi kimi, dışı da eyni olan qadın. Həyat tərəfindən nə qədər döyülsə də, zalımlaşmayan qadın. Bir dünya sevgi olan qadın, bir dünya sevgi daşıyan qadın. Yaranışından yükünü daşıyan qadın, Allahına asi çıxmayan qadın. Yaşadıqlarını Allahın sınağı deyib yaşayan qadın...
Nüşabə Musayeva – bu isim 2020-ci ildən bu yana daha çox, daha fəxarətlə, daha bərkdən xalqı tərəfindən sevilməyə başladı. Onun sənəti var, bu danılmazdır. Muğənni kimi öz dəsti-xətti, sevənləri saysızdı. Sənətə də heç kəsin dəstəyi ilə gəlmədi, çox qurbanlar verdi. Heç kəsə əyilmədən etdi. Bu sənətin nə qədər çətin, amansız qanunları olduğunu bilirdi. Zəiflərin əzilməsini görmüşdü, sənəti, istedadı olub, dəstəyi, bacarığı, gücü olmayanların bu camiyədə amansızlıqla “öldürüldüyünü” bildiyinə görə etdi. Yaşadığı evinə qədər sataraq mücadiləyə başladı. Çünki, yaranışından mücadilə, mübarəzə də onunla doğulmuşdu. Uşaqlığı çətin keçdi, maddi cəhətdən yox, mənəvi cəhətdən. Ona gözlədiyi sevgini verən olmadı. Doğma anasından umduğu sevgini ala bilmədi. Bu sevgi, istilik gözləntiləri elə gözlənti olaraq qaldı. Hər bir kəs bu sevginin tamarzısıdır, qaldı ki, kiçik uşaq ola. Düz on beş yaşında həyat ona daha sərt üzünü göstərdi. Qəza nəticəsində ailəsinin dörd üzvünü, biri anası olmaqla itirdi. Məşəqqətli günləri bundan sonra başladı. O müdhiş gün, hafizəsinin bir yerində özünə dərin kök saldı bu günədək. Müqəddəs kainat qüvvələrini, Tanrının özünü belə zəif adamları maraqlandırmır. Zəiflər üçün deyil həyat mücadilələri. Belə bir deyim var: “Hər dərdi Allah çəkənə, qaldırana verir”. Bu ifadə əvvəldə söylədiklərimizin xalq dilinə çevrilən izahıdır. On beş yaşlı yeniyetmənin ağır dərdlərə sinə gərəcəyini elə Tanrının özü hesablamışdı. O, həyatda faciə də gördü, ölüm də gördü, doğmalarının faciəvi-vaxtsız ölümünü də gördü, xəyanətlər gördü, süniliklər, saxtakarlıqlar gördü... Zərbəni zərbə üstünə aldı. Bütün bunlarla yanaşı o, Allahına daha çox yaxınlaşdı, Allahına daha çox sarıldı, Allahını daha çox sevdi. Qəlbi bu həyati sınaqlardan sınsa da sarsılmadı. Qəlbi mərhəmət, sevgi hissi ilə doldu, daşdı. İnsanlığa qarşı laqeydləşmədi, ancaq hər zaman doğmalardan, insanlardan zərbələr yemişdi, təkbaşına çıxdı bu sınaqlardan. Adamlar var ki, qapılarını bir çətinlik döyən kimi Allaha minnət qoyur, insanları yamanlayırlar. Hamıdan əzablarının qisasını alırlar sanki. Nüşabə xanım Tanrının sevdiyi, seçdiyi balalarından biridir. Allahın ən böyük lütfü olan mərhəmət, sevgi, səxavət kimi bəşəri Tanrıları ona göndərib. Tanrının burulğanından insan qızı insan kimi çıxan gözəl bəndə. Güclü qadın, özü-özünü yaradan insan. Yediyi çörəyi qırx tikəyə bölüb ətrafını sevindirən Allah bəndəsi... Şəhidlərin, qazilərin bacısı, şəhid ailələrinin dostu, yetimlərin anası.
Ürəyi özündən böyük QADIN.
Bu gün Nüşabə xanım öz əməlləri ilə sübut edir ki, millətini, xalqını, Vətənini necə sevmək lazımdır. Onun etdikləri göz önündədir. Xalqının etibarını qazanmış etibarlı qızı. Etibar deyilən nəsnə həyatda çox böyük məna tutumu olan bir anlamdır. Bu gün onlarla evdə bir Nüşabə “yaşayır”. Nüşabə xanımın ana, bacı, insan kimi dayaq durduğu adamların etibarı, inamıdır ona yönələn. Şəhid, qazi ailələrinin inamıdır ona yönələn. O, onlarla açılmayan qapının açarıdır. Ürəklə, qəlbdən edir, səxavətinə, mərhəmətinə güvənərək edir. Hər bir qazi, şəhid ailələrinin təmənnasız toy məclislərinin aparır. Çox evin qoruyucu mələyidir Nüşabə Musayeva. Uşaqları çox sevir, çünki özü bu sevginin dadından mərhum olub. Onun özündən çox-çox böyük ürəyinə bir Azərbaycan sığır. Ürəyi özündən çox-çox böyük xanım. Onu əydilər, sındıra bilmədilər. Ona pislik edənlərə durmadan yaxşılıq etməkdədir. Mənəviyyatımızın banisi Məhəmməd (ə.a.s) peyğəmbərimizin özünün həyatı boyu riayət etdiyi və ümmətinə məsləhət bildiyi bir alqışlanan addım: “Hər pislik edənə, sən yaxşılıqla cavab ver. O, pisliyindən qalmırsa, mən yaxşılığımdan niyə qalım?”. Cənnətin qapıları artıq üzünə açıq olacaq belə insanların.
Dərdə “gülən” insanları Tanrı və Ali kainat qüvvələri bütün sınaqlardan sonra öz himayəsinə götürür, amanında saxlayır. Onları insanlığa bu və ya başqa cür xidmətə hazırlayır. Nüşabə Musayevanın taleyinə yazılan bu yol, Böyük yola çevrildi, ağ işıqlı yola. İnsanların həyatında Simurq quşu kimi qanad çalan bir insan. Bu gün bütün sınaq və sıxıntılardan sonra Nüşabə Musayeva öz uğurlu həyatını yaşayır. İki gül kimi qız balasının sevgisinə, məhəbbətinə qərq edir. Hətta bu sevgidən çoxlarına pay düşür. Əzizlərindən savayı onun başqa öhdəliləri var bu gün. Bir sənət insanı olaraq dəyərli sənəti üçün çalışır, sonra isə xalqının, millətinin ürəklə qulluğunda dayanır. Bütün bunlara görə o, ilk növbədə Tanrısına, sonra isə özünə borcludur.
Bütün həyatı, taleyi, sevgisi ilə hamıdan fərqlənən QADIN. Bir sözlə ürəyi özündən çox-çox böyük QADIN!

Hürü Hacızadə
Yazıçı-publisist, “Qızıl Qələm” mükfatçısı,
“Təsəlli” şəhid ailələrinə mənəvi dəstək ictimai birliyinin sədri,


Fərid Faqioğlu
AJB-nin üzvü, “Xezertv.info”nun rəhbəri,
“Təsəlli” şəhid ailələrinə mənəvi dəstək ictimai birliyinin həmsədri.















XƏBƏR LENTİ