“Qayıdış Könüllüləri” Proqramına qeydiyyata yenidən start verilir
“Xezertv.info” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Qayıdış Könüllüləri” Proqramına müraciətlər növbəti dəfə açıq elan edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq başladılan “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.
Proqrama işğaldan azad olunmuş rayonlardan olan 18-29 yaş arası hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq 30 oktyabr 2024-cü il tarixinə qədər https://qayidish.konullu.az/ saytından qeydiyyatdan keçərək müraciət edə bilər.
Könüllü qruplarda təmsil olunmaq üçün gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhəsinə cəlb olunurlar. Təlimlər əvvəlcədən müəyyən edilmiş peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçirilir. Təlimlərin keçirilməsində məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiaların idarəolunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətinin priorotetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır.
Proqrama cəlb olunan könüllülər Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstək göstərəcək, həmçinin mütəmadi olaraq burada keçirilən tədbirlərin təşkilində iştirak edəcək, buraya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Qeyd edək ki, hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri”, “Füzuli Könüllüləri” və “Laçın Könüllüləri qrupları fəaliyyət göstərir. Sözügedən qruplar üzrə fəaliyyət göstərən könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması nəzərdə tutulub.