Bu gün Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür
Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun anım günüdür.
Vaqif Səmədoğlu 1939-cu il iyunun beşində Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.
Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri vəzifələrində çalışıb.
1962-1963-cu ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.
“Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2000-ci ildə Milli Məclisin deputatı seçilib.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.
Xalq şairi 2014-cü ildə İsraildə xərçəng xəstəliyindən müalicə olunan zaman Allaha müraciətlə bir şeir paylaşır:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.
“Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”