QHT sədri İmişli rayonunda “1 İyun Uşaqların Beynəlxaq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirib

9 1-06-2024, 17:21 Gündəm

QHT sədri İmişli rayonunda “1 İyun Uşaqların Beynəlxaq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirib

İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə "Siz bizlərdən birisiniz" adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin rəsmiləri, məsul şəxs Rüfət Muradov, Millət vəkili Razı Nurullayevin İmişli rayon üzrə müavini Süleymanov Vüqar, Sosial Xidmətlər Agentliyinin Mil-Muğan regionalının rəsmisi Cəbrayılov Rafayıl, şəhid və qazi övladları, fiziki məhdudiyyətli uşaqlar iştirak ediblər.
Birlik sədri çıxış edərək tədbir iştirakçılarını salamlayıb və “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün qeyd olunması haqqında geniş məlumat verib.
“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu Öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Məsələn, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Bizdə vətəndaş cəmiyyəti institu olaraq dövlətin sosial tipli və bu yönümlü layihələrinə qoşulur, təşkilatımız adından qayğıya ehtiyacı olan bütün kateqoriyalardan olan uşaqlara diqqət və qayğı göstərir, onların mövcud problemlərinin həlli istiqamətində yardımçı oluruq.
Bundan əlavə İmişli Rayon İcra Hakimiyyətinin rəsmisi Rüfət Muradov və Sosial Xidmətlər Agentliyi Mil-Muğan regionalının rəsmisi Cəbrayılov Rafayıl çıxış edərək, tədbir iştirakçılarını və ölkəmizdə yaşayan bütün uşaqları “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə ürəkdən təbrik edirb, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayıblar.
Tədbirdə İmişli Rayon Mədəniyyət Mərkəzinin işçiləri konsert proqramı ilə uşaqları şənləndirib. Biri birindən maraqlı musiqilər oxunub və rəngarəng rəqslər təqdim olunub.
Sonda Birlik sədri Yasəmən Qəyyumlu tədbirdə iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim edib.
Qoy həmişə sülh olsun!

Fərid Səfərov
Birliyin mətbuat katibi



























XƏBƏR LENTİ