Hövsanda “torpaq işğalçıları” kimlərə güvənir?

76 3-11-2023, 14:06 Gündəm / Sosial / Araşdırma

Hövsanda “torpaq işğalçıları” kimlərə güvənir?

Son məlumatlara görə, ölkə ərazisində beş yüz mindən çox qanunsuz yaşayış evləri tikilib. Bunlardan təxminən dörd yüz mini paytaxt Bakının və ətraf qəsəbələrin payına düşür. Həmin evlərin böyük əksəriyyəti dövlət torpaqlarında, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Dəfələrlə bu cür evlər rəsmi qurumlar tərəfindən dağıdılsa da, qanunsuz tikinti işləri yenə də davam etməkdədir.
Qanunsuz tikintilərin geniş “vüsət aldığı” ərazilərdən biri də Abşeron rayonu, Hövsan südçülük sovxozudur. Məlumat üçün qeyd edək ki, Hövsan ərazisinin bir hissəsi kənd təsərrüfatının inkişafı məqsədi ilə ayrı-ayrı şəxslərə icarəyə verilib. Belə şəxslərdən biri – Şirinov Zaur Əşrəf oğlu ilə də Hövsan südçülük sovxozu ərazisində 1.41 ha torpaq sahəsinin 0.025 ha hissəsi ilə bağlı 12.09.2011-ci il tarixində 99 il müddətinə müqavilə bağlanır. Lakin, maddi çətinlik ucbatından bir müddət ərazidə heç bir iş görülmür. Günlərin birində əraziyə gələn Zaur Şirinov gördüyü mənzərədən şoka düşür. Ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaqda ev tikilmişdir. Araşdırmadan sonra həmin evin Orxan Allahverdiyevin tikdiyi məlum olur. Sonradan o da məlum olur ki, ərazidə bu cür xeyli sayda qanunsuz evlər tikilib. Kənd təsərrüfatı təyinatlı torpaqların satışı ilə əsasən iki nəfər dəllal – Əkrəm və İnqilab adlı şəxslər tərəfindən həyata keçirilib. İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların Bu qanunsuzluqlara hansı maraqlar naminə “göz yumması” da ciddi araşdırma mövzusudur.
Sonra Zaur Şirinov hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlir. Ancaq Əkrəm və Orxan söz verirlər ki, ya başqa yer veriləcək, ya da torpağın pulu ödəniləcək. Əkrəm etiraf edir ki, bu vəziyyətin yaranması onun günahı ucbatından olub. Zaur Şirinova 5000 (beş min) AZN ödəniləcəyi deyilsə də, hissə-hissə cəmi 900 (doqquz yüz) AZN ödənilir. Bundan sonra Orxan Allahverdiyev müxtəlif bəhanələrlə qalan pulu ödəməkdən imtina edir və telefonu söndürərək ardan çıxır.
Alqı-satqı müqaviləsində adı keçən İnqilabın digər çoxsaylı saxtakarlığı üzə çıxır və o həbs edilir. Əkrəm isə gizlənməyə başlayır. Orxandan Əkrəmi soruşduqda isə onun telefon nömrəsini verməkdən imtina edir və üstəlikdə deyir ki, Əkrəmin oğlu Prezident Aparatında işləyir, siz ona heçnə edə bilməzsiniz. Ancaq Əkrəmin oğlu harda işləməsindən asılı olmayaraq gec-tez o öz əməllərinə görə cavab verməli olacaq.
Orxan Allahverdiyev isə anlamalıdır ki, alqı-satqı müqaviləsində adı yoxdursa, qanunsuz ev tikdirdiyi torpağında pulunu vermək istəmirsə, həmin ev mütləq şəkildə sökülməli və torpaq qanuni sahibinə qaytarılmalıdır.
İndi söz hüquq-mühafizə orqanların və digər aidiyyatı qurumlarındır.
O cümlədən Abşeron Rayon İcra Hakimiyyətindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən, Milli Məclisin Aqrar siyasət komitəsindən, Abşeron Rayon Prokurorluğundan, Abşeron Rayon Polis İdarəsindən bu məsələyə ciddi yanaşmalarını və ədalətli mövqe göstərməsini gözləyirik.

PS. Görünən kəndə nə bələdçi? Torpaq yerində, torpağın əsl sahibi Zaur Şirinovun haqlı olduğunu sübut edən aidiyyatı dövlət orqanından verilən sənədi əlində. Yəni, əlahəzrat fakt dəyişməz qalır. Qanunsuz tikilən ev və evlər ortada. Buna cavabdeh kimdir? Günahkar kimdir? Ədalətini tələb edən torpaq sahibi Zaur Şirinov, yoxsa onu şikayətinə görə ən böyük günah sahibi edən qarşı tərəf?...
Mövzu araşdırılır. Ən yeni faktlar, video çəkilişlər çox yaxın günlərdə təqdim ediləcək.

XƏBƏR LENTİ